SƏHİYYƏ

Yumşalmalar olarsa, yoluxma da artacaq - Bəs peyvəndin xeyrini nə vaxt görəcəyik?

"İnfeksionist bildirir ki, əhalinin hamısı vaksin edilsə də, immunitetin yaranması 40 gündən sonra baş verir"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Azərbaycanda vaksinasiyaya başlanandan sonra yumşalmalara gedilsə belə, COVID-19-a yoluxma sayının peyvənddən sonra azalacağı bildirilirdi. Amma Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bunun əksini iddia edən açıqlama ilə çıxış edib. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərin tətbiqinin nəticəsidir. O bildirib ki, məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. ÜST nümayəndəsinin bu açıqlaması vaksinasiyanın effektivliyini müəyyən qədər şübhə altına salır. Çünki indiyədək virusoloqlar COVID-19 əleyhinə vaksindən sonra yoluxma hallarının azalacağı, hətta fəaliyyətinə icazə verilən sahələrin sayının artırılmasının belə mümkün olacağını proqnoz edirdilər.

Nə etmək lazımdır ki, şagirdlər virusa yoluxmasın: Təhsil Nazirliyi üçün ip ucları

Sputnik Azərbaycan COVID-19 əleyhinə vaksinin yoluxma sayının azalmasına necə təsir edəcəyini, yumşalmalardan sonra virusa yoluxma statistikasının azalıb yoxsa artacağını araşdırıb.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinin edilməsindən sonra da virusa yoluxma sayında artım ola bilər: "Sərt karantindən əvvəl virusa yoluxma 4500 civarında idisə, indi 150-160 arasında dəyişir. Ona görə də mən inanmıram ki, vaksindən sonra bu rəqəm 4500-ə çatacaq. Amma Hande xanımın da fikrini müəyyən qədər dəstəkləyirəm. Çünki nəzərə almaq lazımdır ki, vaksinasiya tibb işçilərində başlanılıb. Onların 70 faizi peyvənd olunub. Amma cəmiyyətin böyük kütləsi vaksin edilməyib. Yaşı 65-dən yuxarı olanlar vaksin edilsə də, yaşı 65-dən az olanlar virus daşıya bilərlər. Digər tərəfdən, məktəblərin, kafe və restoranların açılması, ictimai nəqliyyatda sıxlıq bu sayı artıracaq. Vaksin kütləvi olarsa, biz yoluxmanı azalda bilərik. Peyvəndləmə 65-yaşdan aşağı aparıldıqda biz yoluxmalarda azalmanı görə biləcəyik. Bunun üçün isə ən azı iki-üç ay müddətində gigiyenik qaydalara əməl edilməlidir. Əks halda, yoluxma arta bilər".

Virusa yoluxanların sayı azaldı

İnfeksionist bildirir ki, əhalinin hamısı vaksin edilsə də, immunitetin yaranması 40 gündən sonra baş verir: "Üstəlik vaksin edilənlərin hamısında immunitet eyni qədər yaranmaya bilər. Bu yaşdan, cinsdən, yanaşı xəstəliklərdən, eləcə də immun sistemindən, orqanizmin verdiyi cavabdan asılıdır. Ona görə də biz düşünməyək ki, vaksin edildikdən sonra yumşalmalara getsək, yoluxma sayı artmayacaq. Mütləq gigiyenik tələblərə və sosial məsafə, tibbi maska qaydasına əməl etməliyik".

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, virusa yoluxmanın qarşısını almaq üçün peyvəndləmə vacib olsa da, indidən bütün sahələrdə xidməti bərpa etmək düzgün deyil. Onun sözlərinə görə, bu gün toyların bərpası, yas mərasimlərinə icazə barədə fikirlər səslənsə də, bu sahələrdə xidmətə icazənin belə tezliklə verilməsi yoluxma sayını artıra bilər. Çünki ən çox COVID-19-a yoluxma da məhz bu sahələrin fəaliyyəti nəticəsində qeydə alınır.