BAKI, 5 fevral - Sputnik. Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin əsas məqsədlərindən biri olan həmin ərazilərə əhalinin qayıdışı ilə bağlı konkret vəzifələr müəyyən edib və bu istiqamətdə zəruri tapşırıqlar verib.
İşçi Qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan fəaliyyətlərə dair geniş müzakirələr aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.