VİDEO

Şuşada Gövhər Ağa məscidində ilk azan verib camaat namazını təşkil edən qazi

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş Şuşanın həsrətilə yaşayan qazi Qurbanəli Əliyev ən böyük arzusuna çatıb. O, 28 ildən sonra Şuşada Gövhər Ağa məscidində ilk azanı oxuyub.
Sputnik

Lerik rayon sakini 24 yaşlı Qurbanəli Əliyev Təbrizdə Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alır. O, hələ Tovuz döyüşləri zamanı könüllü olaraq hərbi komissarlıqda qeydiyyatdan keçib və Vətən Müharibəsində iştirak edib. Füzulidən Şuşaya qədər çətin döyüş yolu keçən Qurbanəli Gövhər ağa məscidində ilk azan verərək Şuşada camaat namazını təşkil edib. Qazimiz Şuşada olduğu zaman oranı gəzib və bizə aid tikililərdən başqa heç nə görməyib:

“Mən Şuşa həbsxanasının yanında Üzeyir Hacıbəylinin evini tapdım. Şuşada olanda tez-tez qəbiristanlığa gedirdim. Hər dəfə posta gedəndə qəbiristanlığa girib bizim ölülərimiz üçün "Yasin" və "Fatihə" surələrini oxuyub sonra gedərdim. Həmin ərazidə Qasım bəy Zakirin məzarını, bizim qədim muzeyimizi, muzeydə isə bizim qədim kamança-tar tapdım. Yəni, orada bizə aid musiqi alətlərini gördüm. Hətta deyərdim ki, Şuşada 10 evdən 9-da fortepiano var idi. Hamısı da bizə məxsus idi, çünki hamısının üstündə tarixi var idi”.

Məlumat üçün bildirək ki, Qurbanəli Əliyev “Füzulinin azad olunmasına görə medal”ı ilə təltif olunub.