BAKI, 4 fevral — Sputnik. Amerikalı rep ifaçısı Silento (əsl adı Riki El Houk) Corciya ştatında saxlanılıb. O, yaxın qohumu Frederik Ruksun qətlində şübhəli bilinir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Corciyanın Dekalb rayon polis mərkəzindən bildirilib.
Məlumata görə, 34 yaşlı Ruks yanvarın 21-də Corciyanın Pantersvil şəhərində qan içində tapılıb. O, üzünə və ayağına açılan atəş nəticəsində yerindəcə ölüb.
Hadisə şahidləri polis çağırıblar, müşahidə kameraları bir neçə maşının cinayət yerindən uzaqlaşmasını qeydə alıb.
Polisin 23 yaşlı reperin izinə necə düşdüyü barədə məlumat verilməyib.
Qeyd edək ki, Silento 2014-cü ildə "Watch Me (Whip / Nae Nae)" adlı ilk sinqlının çıxmasından sonra məşhurlaşmışdı. Mahnının videosu "YouTube"da 1,7 milyarddan çox baxış toplayıb.