Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 4 fevral — Sputnik. Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin və Lütfi Zadənin davamçısı, professor Rafiq Əliyev Lütfi Zadə haqqında xatirələri Sputnik Azərbaycan-a danışıb: "Lütfi Zadə ilə ilk tanışlığım 1964-cü ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə problemləri İnstitutunda olub. O vaxt Lütfi Zadə o qədər də məşhur deyildi. O vaxt hələ qeyri-səlis məntiq yaranmamışdı. O vaxt Moskvada mənim elmi rəhbərim dedi ki, "tanış olun, sizin həmyerlinizdir". Mən də cavan oğlan idim, təxminən 22 yaşında idim. Həmin vaxt mən aspirant idim. Həmin vaxt bizim xeyli söhbətlərimiz oldu – Bakıdan, oxuduğu məktəbdən. O, Bakıda 3 sinif oxumuşdu".
Rafiq müəllim dünya şöhrətli alimin insani keyfiyyətlərindən bəhs etdi: "Altını xətt çəkərək söyləyirəm: qeyri-səlis məntiq nəzəriyyəsi bütün dünya elmini dəyişdi. 1965-ci ildə çap olundu. Bundan sonra bizim Lütfi Zadə ilə daha da sıx əlaqələrimiz yarandı. Bir yerdə layihələrimiz oldu, bir yerdə işlədik. O, mənim həyatımda bir insan kimi çox böyük izlər buraxıb, hələ elmi baxımdan demirəm. Dünya şöhrətli alim idi, amma o qədər sadə idi".
"Son dərəcə prinsipial insan idi" deyən professor əlavə edir ki, Lütfi Zadə nə qədər sadə olsa da, elmdə kompramisə getmək məsələsi yox idi, kim olur olsun: "Düşünürəm ki, qeyri-səlis məntiqin yaranmasının da başlıca səbəbi elə budur. O Aristoteldən çəkinmədi, başqa klassik stereotiplərdən çəkinmədi. Demirəm Aristotel məntiqini dağıtdı, həmin məntiqi son dərəcə genişləndirdi, yeni bir məntiq yaratdı. Doğrudur, o, klassiklərin çiyni üzərindən baxırdı dünyaya, amma qəti çəkinmirdi. Bu, sadəcə iddia deyildi, onun arxasında arqumentlər dayanırdı. Buna görə də o, dünyanı silkələyən elm yarada bildi".
"Aristotel deyirdi ki, "bir insan ya dostdur, ya da düşməndir". Lütfi Zadə isə deyirdi ki, "dost və düşmən arasında min fərqli münasibət var". Aristotel deyirdi "2 rəng - ağ və qara var". Lütfizadə isə deyirdi "ağ və qaranın ortasında minlərlə çalar var".
"Zadənin evi orta statistik azərbaycanlının evindən daha balaca idi", - deyir Rafiq Əliyev: "O, qəti sevmirdi evlərinin, avtomobillərinin olmağını. Onun avtomobili 20 il bundan qabağın avtomobili idi. Onu ancaq elm düşündürərdi".
Lütfi Zadənin yadigarı bildirir ki, o, son dərəcə Azərbaycana bağlı bir insan idi: "1989-cu il idi, Vaşinqton Universitetində beynəlxalq konfrans var idi. Məruzələrimiz, çıxışlarımız qurtardı. Yekun iclasda təxminən min nəfər dünyanın ən seçilmiş elm adamları var idi. Mən də həmin zalda idim. Yaxınlaşdı ki, "sən də çıxış elə". Mən etiraz elədim, dedim klassik elm adamları oturub, mənim yerim deyil. İclasın sonuna yaxın bir də mənə yaxınlaşdı, israrla "xahiş edirəm, sovetlərin adından çıxış elə". Mən çıxış elədim. Ona görə yox ki, məni böyük elm adamı kimi sayırdılar. Lütfi Zadənin Azərbaycana olan məhəbbətindən irəli gəlirdi ki, qoy Azərbaycanın adı çəkilsin".
"Bir misal çəkim. Bizim konfranslarımız olardı, həmin konfranslarda bütün dünyadan olan alimlər iştirak edərdilər. Konfransların fəxri sədri Lütfi Zadə olardı. Hamısında da iştirak edərdi. Həmin konfransda iştirak edən Azərbaycandan olan akademiklərdən tutmuş adi aspirantlara qədər hər kəslə qol-qola şəkil çəkdirərdi. Son dərəcə sadə bir insan idi".
"Başqa bir misal da çəkim. Mən Amerikadan Almaniyaya gəlmişdim, konfrans üçün. Ancaq 15 dəqiqə gecikmişdim. Lütfi Zadə artıq çıxışına başlamışdı. Bir professorla idim. Gedib arxada oturduq ki, bizi görməsin. 1 saatlıq məruzənin 50-ci dəqiqəsində dedi ki, mən çıxışımı yekunlaşdırıram, sözü verirəm Azərbaycandan gələn Rafiq Əliyevə, o, davam eləsin. Bu iki misal göstərir ki, Lütfi Zadə nə qədər Azərbaycana bağlı olub", - deyə R.Əliyev əlavə etdi.
Lütfi Zadə ilə bağlı xatirələrini bölüşən qəhrəmanımız deyir ki, o insan kimi də, elm adamı kimi də zirvə idi: "Tərəzinin gözü əyilməmişdi. Lütfi Zadə bütün zamanların dahisidir. Həmişə belə insanlar çox böyük çətinliklərlə qarşılaşırlar. Mənim belə bir yazım var idi. Pandemiyadan sonra dünya rəqəmsal dünya olacaq. Yeni sivilizasiya rəqəmsal olacaq. Onun da kökündə Lütfi Zadənin qeyri-səlis məntiqi dayanır. Onun nəzəriyyələri öz dövrünü 100-200 il qabaqladı".
Rafiq Əliyev dünyanı dəyişən Lüfi Zadənin nəzəriyyələrindən də danışdı: "Onda çox böyük intuisiya var idi. Bir ömürdə elmə 6 nəzəriyyə verəsən, o nəzəriyyə ki dünyanı dəyişə bilər. Onun birinci nəzəriyyəsi, lap cavan vaxtında Kolumbiya Universitetində kibernetikanın atası sayılan Vinerin nəzəriyyəsini genişləndirib. 1950-ci illərdə maşın intellektini yazan Lütfi Zadə oldu. İdarəetmə elmini dəyişən, bugünkü kommunikasiya texnologiyalarının əsası olan Z-çevirməni (Zadə adının baş hərfi) dünyaya bəxş etdi. Nəhayət, bütün dünyanı dəyişən qeyri-səlis məntiq. Əslində həmin nəzəriyyənin kökü çox sadədir. Ümumiyyətlə, bütün nəzəriyyələrin kökü çox sadədir".
"Sözlə hesablama nəzəriyyəsi – Lütfi Zadə deyirdi ki, heç bir insan rəqəmlərlə fikirləşmir. Bir müddəa var: bütün insanlar öləcək. Deyirik ki, Sokrat insandır. Siz də, mən də düşünürük ki, Sokrat da öləcək. İndi oxucularımız baxsın, biz bu cümlədə hansısa bir riyazi hesablama apardıq? Xeyr! Zadə də bunu deyirdi ki, insan sözlər üzərində əməliyyat aparır".
Rafiq Əliyev Zadəni ideya generatoru adlandırır: "Tam mübaliğəsiz deyirəm, özü bir ideya deyərdi, 1 məqalə yazardı. Həmin o məqalənin üzərində dünya alimləri 10 il işləyərdilər. 10 il sonra Zadə yeni bir məqalə yazardı. Çox maraqlıdır ki, o, bütün ömrü boyu cəmi 2 kitab dərc etdi. 1 kitabı 1953-cü ildə, ikinci kitabı isə dünyasını dəyişməzdən təxminən 6 ay əvvəl başladı. Mənə müraciət etdi ki, "Rafiq, qeyri-səlis məntiq barədə bu qədər işlər görüldü, amma 1 dənə də olsun kitab yazmadım bu barədə. Gəl, belə bir kitab yazaq. Birinci hissə nəzəriyyəni biz yazırıq, həm bizim nəzəriyyə olacaq, həm də dünyada 8-9 ekspert varsa, ən seçilmiş elm adamları yazacaq". Əfsus ki, o, bu kitabı görmədi. Kitab 2 hissədən ibarət 700 səhifəlik kitab oldu. Çox xoşbəxtəm ki, mənim həyat və elm müəllimimə az da olsa borcumu ödəyə bildim".