CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sinoptiklərdən bir yaxşı, bir pis xəbər

Sabaha olan proqnoza görə, Abşeron yarımadasında meteohəssas insanlar üçün əlverişli hava olacaq, rayonlarda isə müəyyən diskomfort yaranacaq.
Sputnik

BAKI, 3 fevral — Sputnik. Azərbaycanda fevralın 4-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.