MƏDƏNİYYƏT

Xalq artisi: "Pandemiyada ayrılıqlar çoxaldı, insanlar çarəsizləşiblər"

"Bir ilə yaxın müddətdə məcburən yarıdustaq halda yaşayan ailələrdə qarşılıqlı aqressiya yaranır, münasibətlər gərginləşir, ayrılmalar çoxalır. Yalqız insanları da lazımsızlıq, çarəsizlik hissləri, tükənmə sindromu bürüyür".
Sputnik

BAKI, 3 fevral — Sputnik. Xalq artisti Faiq Ağayev pandemiya səbəbi ilə tətbiq edilən qadağaların insanlara pis təsir etdiyini bildirib. Müğənni bu barədə "facebook" səhifəsində yazıb: "Pandemiya səbəbi ilə tətbiq olunan məhdudiyyətlər insanların psixoloji durumuna ciddi, bir çox hallarda isə geridönməz neqativ təsir göstərməkdədir".

Xalq artisti bildirir ki, karantin münasibətlərdə gərginlik yaradır, nəticədə ayrılanların sayı artır: "Bir ilə yaxın müddətdə məcburən yarıdustaq halda yaşayan ailələrdə qarşılıqlı aqressiya yaranır, münasibətlər gərginləşir, ayrılmalar çoxalır. Yalqız insanları da lazımsızlıq, çarəsizlik hissləri, tükənmə sindromu bürüyür. Sözüm ondadır ki, bu çətin dönəmdə bir-birimizə əsassız dözümsüzlük, yersiz irad, səbəbsiz nifrət, qəzəb, şiddət sərgiləməyək, lütfən. Qələbə, zəfər əldə edən bir xalq özünə, soydaşlarına qarşı daha qayğılı, həlim, həssas olmalıdır, əzizlərim".