VİDEO

Hamının sirrini etibar etdiyi açar ustası: İnsanların sevinci puldan daha üstündür

İyirmi beş il ərzində müxtəlif açarların, zədələnmiş kilidlərin təmiri ilə məşğul olan Abdulla Bayramov bacarığını yalnız xeyir işlərə sərf edərək xüsusi etibar qazanıb.
Sputnik

Qazax şəhərində yaşayan Abdulla Bayramov 25 ildir ki, açarların bərpası, zədələnmiş kilidlərin təmiri ilə məşğul olur. Peşəkarlığı ilə fərqlənən usta bütün bölgədə məhşurdur. Bölgənin bütün bankları açar, kilid və seyflərlə bağlı problemlərinin həllini bir çox sınaqlardan şərəflə çıxmış Abdulla ustaya etibar edir.

Abdulla usta bildirir ki, təcrübəsində rast gəlmədiyi kilidi təmir etmək üçün bəzən internetdən də istifadə edir və başqalarının təcrübəsindən yararlanır. Yaşı 71-ə çatsa da, o, sənətinə hələ də böyük maraq və həvəs göstərdiyini bildirir.

Tez-tez ona qapısı bağlı qalmış evlərin, avtomobillərin sahibləri müraciət edirlər. Məşhur açar ustası insanların sevincini seyr etməyi pul qazanmaqdan daha üstün tutur.