CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günə özəl: bir neçə milli parka giriş pulsuzdur

Xidmət rəsmisi quşları müşahidə etmək və təbiətin füsunkar gözəlliklərini görmək istəyənləri milli parklarımıza səyahət etməyə dəvət edib
Sputnik

BAKI, 2 fevral — Sputnik. "Ümumdünya Su-Bataqlıq günü" ilə əlaqədar fevralın 2-də Şirvan, Qızılağac və Ağgöl milli parklarında "açıq qapı" günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi var və qışlama dövründə həmin ərazilərə 100 minlərlə müxtəlif növ quş toplaşır.

"Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən 2 fevral tarixi "Ümumdünya Su-Bataqlıq günü" kimi qeyd olunur. Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın "Ramsar Siyahısı"na daxil edilib".

Xidmət rəsmisi quşları müşahidə etmək və təbiətin füsunkar gözəlliklərini görmək istəyənləri milli parklarımıza səyahət etməyə dəvət edib.