QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiyanın vasitəçiliyi ilə qan tökülməsinin və böyük faciənin qarşısı alındı

KTMT sədri: Atəşkəs və Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi münaqişə zonasında, o cümlədən Cənubi Qafqazda vəziyyəti sabitləşdirdi.
Sputnik

BAKI, 2 fevral — Sputnik. Rusiya sülhməramlılarının Cənubi Qafqaz regionuna yerləşdirilməsi vəziyyəti sabitləşdirdi. Sputnik Ermənistan xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Stanislav Zas bildirib.

Qafqaz regionunda kollektiv təhlükəsizliyə ən əsas çağırış Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar oldu. Bu son zamanlar tərəflərin onlarda olan ən ağır silahlar, tanklar, aviasiya və PUA-ların istifadə etdiyi postsovet məkanında ən genişmiqyaslı və qanlı toqquşma idi.

"Bilirsiniz, Rusiyanın vasitəçiliyi ilə qan tökülməsinin və böyük faciənin qarşısı alındı. Atəşkəs və Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi münaqişə zonasında, o cümlədən Cənubi Qafqazda vəziyyəti sabitləşdirdi", - deyə Zas qeyd edib.

Onun sözlərinə görə, əldə olunan razılaşmalar Dağlıq Qarabağ ətrafında böhranın tamformatlı və uzunmüddətli həlli üçün lazımi şərtləri yaradır.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.