İQTİSADİYYAT

Kəskin qiymət artımı doğru yol deyil

Suyun qiymətinin bahalaşmasından danışan iqtisadçı güman edir ki, yaxın zamanda paylayıcı şirkətlərlə bağlı özəlləşdirmənin yolu açılacaq.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Yanvarın 31-də Tarif (qiymət) Şurasının iclasında "Azərsu" ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Qərar fevralın 1-dən qüvvəyə minib.

Suyun qiymətinin 2 dəfə bahalaşması ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, "Azərsu"nun qiymət artımından əvvəl daxili audit keçirib xərclərin azaldılması ilə bağlı qərar verməsi daha doğru olardı:

"Yəni ilk növbədə ziyanla işləyən və öz xərclərini ödəməyən istənilən şirkət daxili audit nəticəsində xərclərin azaldılması istiqamətində addım atmalıdır. Daxili xərclər azalandan sonra maya dəyərinin yüksəlməsinə təsir göstərən amillərin aradan qaldırılması yetərli olmayanda qiymət artımı ilə bağlı qərar verilə bilərdi. Qiymətin 2 dəfə artırılmasının əsas məqsədlərindən biri dövlət büdcəsindən ayrılan dotasiyaların ləğv edilməsi və bu artım nəticəsində büdcədə əlavə yükün qaldırılmasıdır. Birdən-birə 2 dəfə qiymətin artması hansısa qanunvericilik aktları ilə tənzimlənməlidir. Yəni kəskin qiymət artımına gedilməsi doğru yol deyil".

İqtisadçı güman edir ki, yaxın zamanda paylayıcı şirkətlərlə bağlı özəlləşdirmənin yolu açılacaq:

"Dövlət əsas resursları öz əlində saxlayacaq, lakin paylayıcı funksiyanın özəl şirkətlərə, o cümlədən xarici şirkətlərə verilməsi mümkündür. Bəlkə də kəskin qiymət artımının səbəblərindən biri gələcəkdə özəlləşdirmə ilə bağlı qərar verilərkən cəlbediciliyin artırılmasıdır. Çünki indiki qiymətlər artıq kifayət qədər cəlbedicidir. Xarici investorları, ümumiyyətlə investisiyaları cəlb edə biləcək və maraqlandıracaq diapazondur. Özəl şirkətlərlə vətəndaşlar arasında müqavilə şərtləri fərqli ola bilər. Bu da yeni mərhələnin başlanmasına səbəb ola bilər. İndi dövlət şirkətlərinin məsuliyyəti yoxdur və istədikləri zaman suyu, işığı, qazı kəsə bilirlər və bunun üçün kompensasiya ödəmirlər".

Xatırladaq ki, Tarif Şurasının məlumatına görə, tarif dəyişikliyi nəticəsində "Azərsu"nun dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcək.