BAKI, 1 fevral — Sputnik. Parlamentdə Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsinə baxılıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib. Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.