MƏDƏNİYYƏT

İspandilli jurnalda Nizami Gəncəvi haqqında yazı dərc olunub

Məqalədə Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyi bildirilir, həyat və yaradıcılığından geniş bəhs olunur
Sputnik

BAKI, 1 fevral — Sputnik. İspaniyanın mədəniyyət sahəsində öndə olan mətbu orqanlarından biri "Patrimonio Actual" elektron jurnalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məqalə dərc olunub.

Sputnik Azərbaycan xəbər verir ki, məqalədə Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyi bildirilərək, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə də xüsusi diqqət yetirdiyi qeyd olunur.

Məqalədə Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığı, ölməz sənətkarın 1981-ci ildə Ümummilli Liderin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimlərinin Azərbaycanın mədəni həyatının əlamətdar hadisəsinə çevrildiyi diqqətə çatdırılır.

Xüsusi olaraq vurğulanır ki, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilib.

Həmçinin məqalədə görkəmli söz adamının həyat və yaradıcılığından geniş bəhs olunur.