Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycan ərazisində ictimai iaşə obyektləri, kafe və restoranlara fəaliyyətlərini fevralın 1-dən bərpa etmələrinə icazə verilib. Onlar 06:00-00:00 arası, şənbə və bazar da daxil olmaqla işləyəcəklər.
Ötən dəfəki yumşalmada olduğu kimi, obyekt sahiblərinə yenə də xidmət zallarında masaları sosial məsafə gözləməklə yerləşdirməyi və müştəriləri dezinfeksiya vasitələrilə təmin etməyi bərk-bərk tapşırıblar.
Kafe və restoranlardan ötrü darıxan qurmanlar vaxt itirmədən sevdikləri məkanlara axışıblar. Sayları o qədərdi ki, açıq havadakı yerlər də dolmuşdu. Xoşbəxtlikdən, bazar ertəsi günəşli hava vardı, utandırmadı.
Qurmanlar öz işində, ölkədə karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər isə davam edir. Ticarət mərkəzləri, şadlıq evləri, qəlyanxanalar, kinoteatrlar, teatrlar, idman zalları, eləcə də metro hələ də işləmir. İstirahət günləri isə əhali ictimai nəqliyyatın üzünə həsrtətdir.