SƏHİYYƏ

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? Həkimlərdən qızıl kimi tövsiyələr

A.Musayevin sözlərinə görə, uşaqlar məktəbdə bol miqdarda ilıq maye qəbul etməli, bol kalorili yeməklər yeməlidirlər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Bu gündən ənənəvi tədrisin hibrid formada mərhələli təşkilinə başlanılır. İndi övladını məktəbə göndərəcək valideynləri düşündürən sual uşaqlarının virusa yoluxma riskinin olub-olmadığı barədədir. Koronavirus pandemiyası dövründə 10 yaşadək uşaqların virusa yoluxmadığı bildirilsə də, bəzi xarici ölkələrdə uşaqlarda koronavirusun aşkarlanması müəyyən şübhələrə yol açır. Sputnik Azərbaycan-ın əldə etdiyi informasiyaya görə, hətta bəzi modul xəstəxanalarda məktəblərin açılması ilə bağlı uşaq çarpayıları da yerləşdirilib.

Sputnik Azərbaycan COVID-19 xəstəliyinin məktəbə gedəcək uşaqlar üçün təhlükəsini araşdırıb.

Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqlar arasında virusa yoluxma riski, demək olar ki, çox aşağıdır:

"Uşaqlar bu virusa yoluxa bilərlər. Amma dünya praktikasına görə, COVID-19 uşaqar arasında ciddi fəsad vermir. Ona görə də məktəblərin açılmasına görə uşaqlarla bağlı ciddi təşvişə düşməyə ehtiyac yoxdur. Uşaqlar bu virusu yüngül keçirir və yaxud da virus daşıyıcısı olurlar. O ki qaldı virusun mutasiya olunmuş növünün uşaqlara təsirinə, Azərbaycanda bu təsdiq olunmayıb".

V.Cavadzadə bildirir ki, maska taxmayan uşaqların yoluxmasında müəyyən risk var: "Nəzərə alaq ki, hər uşaq bir evdən gəlir. Üstəlik, məktəbin daimi kontingenti, eləcə də müəllimlərdən də bu virusa yoluxa bilər. Ona görə də məktəb kontingenti arasında vaksinasiya prosesinə bir qədər tez başlansaydı, daha yaxşı olardı. İndiki vəziyyətdə müəllimlər və məktəbin digər kontingenti qoruyucu vasitələrdən istifadə etməlidirlər ki, uşaqların yoluxmasına səbəb olmasınlar. Nəzərə alınmalıdır ki, 6-7 yaşında uşaqlar maska taxmırlar. Eyni zamanda uşaqların virusa yoluxmaması üçün profilaktik tədbirlərə əməl edilməlidir. Uşaqlar tək-tək partalarda oturmalı, sinif otaqları dezinfeksiya edilməli, havalandırılmaldır. Siniflərin bölünməsi vacibdir. Çalışmalıyıq ki, uşaqların virusa yoluxmasının qarşısını alaq".

Gözlənilən "partlayış" olmadı: uşaqlar sabah nə edəcəklər? - REPORTAJ

İnfeksionist deyir ki, yanaşı xəstəliklərlə doğulan uşaqların virusa yoluxması halları olarsa, həmin uşaqlar xəstəxanada müalicə olunmalıdırlar: "Onkoloji, qanla bağlı xəstəliyi olan, şəkərli diabet uşaqlar virusa yoluxarlarsa, onların xəstəxanada müalicə olunması məqsədəuyğundur. Nəzərə alaq ki, uşaqların məktəbə göndərilməsi könüllüdür".

Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəkərli diabet xəstələri koronavirusa yoluxma baxımınan risk qrupuna aiddirlər. Amma diabet uşaqlarla bağlı elə də böyük təhlükə yoxdur: "Biz bunun psixoloji tərəfini də düşünməliyik. Əgər diabetli uşaqları məhz şəkər xəstəsi olduğu üçün məktəbə göndərməsək, həmin uşaqlar psixoloji olaraq düşünəcəklər ki, "digər uşaqlar məktəbə gedirlər, amma mən getmirəm". Bu zaman fikirləşəcəklər ki, onlar normal uşaq sayılmırlar. Bu həmin uşaqlara psixoloji baxımdan çox pis təsir göstərə bilər. Ona görə də kompensasiya olunmuş şəkərdirsə, bu cür diabetli xəstələr məktəbə də gedə, peyvənd də oluna bilərlər. Onlar üçün heç bir problem yaranmaz.

Şəkər xəstəsi olan müəllimlərdə də diabet kompensasiya olunubsa, şəkərin fəsadları yoxdursa, ayaqlarda, ağciyərdə və gözündə fəsad yoxdursa, onların məktəbə getməsində problem yoxdur. Şəkərin kompensasiya mərhələsi normal insan sayılır. Uşaqlarda da 1-ci tip diabetdir. Şəkərli diabet risk qrupuna aiddir. Amma uşaqlar üçün elə böyük təhlükə yoxdur".

B.Salek deyir ki, Azərbaycanda 1850-1900-a yaxın diabet uşaq var: "Bakıda bu uşaqların sayı 850-dir. Bu uşaqların insulin alması üçün biz kontaktı azaltdıq. Onlara üç aydan bir insulin paylandı. Hər ay onların gəlib insulin alması kontaktı artıra bilərdi".

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqlar 10 yaşadək risk qrupunda yer almırlar: "Bunu aparılmış araşdırmalar da təsdiqləyir. Onlar virusa yoluxsalar da, bunu çox yüngül keçirirlər. Uşaqlar əksər hallarda daşıyıcı olurlar. Xəstələnən uşaqlar arasında ağırlaşma, ölüm ehtimalı 0,2 faizdir".

Bununla belə Allahverdi Musayev bildirir ki, COVID-19-a yoluxmaya 10 yaş üzərində uşaqlar arasında rast gəlinib. A. Musayevin sözlərinə görə, COVID-19 xəstəliyinə yoluxma xəstəxanaya başqa xəstəliklərlə əlaqədar müraciət edən uşaqlarda koronavirusa görə müayinə aparılarkən aşkarlanıb: "Hansısa bir uşaq xəstəxanaya əməliyyat üçün gəldikdə bu sırada onda qarın ağrısı, qusma olduqda, eləcə də bağırsaq infeksiyası keçirdikdə müayinələr aparılır. O zaman həmin uşaqda COVID-19-un pozitiv olub-olmaması aşkarlanır. Yaxud da müayinələr zamanı məlum olur ki, həmin uşaq artıq COVID-19 xəstəliyini keçirib. Bu zaman biz uşağın xəstəxanaya qəbul edilib-edilməməsi barədə qərar veririk".

Məşhur dietanın yan təsirləri - koronavirusla da səhv salmaq olar

A.Musayev deyib ki, Azərbaycanda 10 yaşın üzərində uşaqlarda koronavirusun ağırlaşması hallarına da rast gəlinib: "Virusun təsir etdiyi bir sindrom var. Virusu keçirdikdən sonra ürəkdə, böyrəkdə, bağırsaqda ağırlaşmalar olur, qaraciyər zədələnir. Bu hallara çox nadir olsa da, rast gəlinir. Amma uşaqlar arasında virusa yoluxmadan sonra ağırlaşma olsa belə, ölüm halları indiyədək olmayıb. İndiyə qədər bizdə 10 yaşdan yuxarı (12, 13, 14 yaş aralığında) 10-a qədər uşaqda ağırlaşma qeydə alınıb. Onlar sağalaraq evə göndəriliblər. Düzdür, o uşaqlar ağır vəziyyətdə xəstəxanaya daxil olublar. Amma onlar sağalaraq evə buraxılıblar. Uşaqlar arasında koronavirusdan ölüm halı qeydə alınmayıb".

A.Musayev bildirib ki, immun sistemi zəif olan uşaqlarda virusa yoluxmanın ağırlaşacağı ehtimal olunsa da, praktikada buna çox rast gəlinmir.

Həmsöhbətimiz deyir ki, çox tünlük olmadan dərslərin ənənəvi davam etməsi mümkündür:

"Burada əsas diqqət yetirilməli məqam uşaqların dərs keçdiyi otaqların havalandırılması, partaların, əllə toxunulan yerlərin dezinfeksiya edilməsidir. Bunlarla bərabər, uşaqlara ciddi nəzarət edilməlidir. Qəti şəkildə halsızlığı, qusması, temperaturu olan uşaqlar məktəbə buraxılmamalıdırlar. Onlar təcrid edilərək nəzarətə alınmalı, dərhal analiz götürülməldiir".

A.Musayevin sözlərinə görə, uşaqlar məktəbdə bol miqdarda ilıq maye qəbul etməlidirlər. Bundan başqa, uşaqlara bol kalorili yeməklər verilməlidir: "Uşaqlara ət yeməkləri, yumurta, protein, zülal tərkibli yeməklər verilməldiir. Bu qidalanma məktəbdə mümkün deyilsə, ailələr evdən dəstəkləməlidirlər. Onlar C vitamini tərkibli meyvələrlə qidalanmalıdırlar".

İnstitutunun direktoru deyir ki, hal-hazırda böyük yaş qrupunda diabet xəstələr üçün yoluxma riski olsa da, uşaqlar üçün elə bir təhlükə yoxdur.