Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən qadağalara görə uzun müddət bağlı qalan məktəblər bu gün qapılarını şagirdlərin üzünə açıb. Fevralın 1-dən etibarən, Bakı, Sumqayıt və Abşeronda ibtidai siniflər üzrə əyani təhsil həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib.
İbtidai siniflərdə 628 651 şagird, məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq tədrisi ənənəvi olaraq davam etdirəcək.
Sosial məsafəyə riayət etmək üçün siniflər iki və daha çox qrupa bölünəcək. Bir parta arxasında yalnız bir şagird oturacaq, məktəbə girişdə uşaqların temperaturu ölçüləcək və əlləri xüsusi vasitə ilə dezinfeksiya olunacaq.
Məktəb bufetləri və idman zalları bağlı qalacaq.