RUSİYA

Dmitri Medvedev Bayden dövründə Rusiya-ABŞ münasibətləri barədə

"O, alicənab, hörmətli insan təəssüratı bağışlayır. Lakin insanın qiymətləndirilməsi və siyasi mövqe müxtəlif şeylərdir".
Sputnik

BAKI, 1 fevral — Sputnik. Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev bəyan edib ki, hazırkı ABŞ Prezidenti Co Bayden onda normal təəssürat yaradıb, lakin insanın qiymətləndirilməsi və siyasi mövqe müxtəlif şeylərdir. Bundan əlavə, yeni ABŞ liderinin komandasının əksəriyyəti Rusiyaya dostyana münasibəti ilə seçilmir.

"Baydenlə tanışam, biz onunla görüşmüşdük. Yaxşı xatırlayıram, görüşlərdən biri Silvio Berluskoninin dəvəti ilə baş tutmuşdu. O, bir dəfə mən prezident olduğum vaxt məni nahara dəvət etmişdi. O, mənə bildirdi ki, Co Baydeni dəvət etmək istəyir. Dedim, çağır. Biz oturduq, söhbət etdik, danışdıq. O, alicənab, hörmətli insan təəssüratı bağışlayır. Lakin insanın qiymətləndirilməsi və siyasi mövqe müxtəlif şeylərdir", - deyə Medvedev Rusiya KİV-lərinə müsahibəsində bildirib.

O vurğulayıb ki, Bayden administrasiyasının digər üzvlərini tanımır, lakin onlar Rusiya tərəfinə "yaxşı tanışdırlar".

"Çünki onların böyük əksriyyəti mənim yaxşı tanıdığım sabiq prezident Barak Obamanın komandasıdır. Bu insanlar, açıq desək, Rusiyaya qarşı dostyana münasibətləri ilə seçilmirlər. Bilmirəm, onlar indi özlərini necə aparacaqlar, lakin ehtimal etmək olar ki, onların göstərişləri əvvəlki kimi qalıb", - deyə Rusiyanın sabiq prezidenti qeyd edib.

Medvedev həmçinin qeyd edib ki, istənilən ölkə kimi, Rusiya "xalqın seçdiyi administrasiya, prezident, ölkə başçısı ilə" işləyir: "Bizim üçün fərqi yoxdur Amerikada hakimiyyətdə demokratdır və ya respublikaçı. Sadəcə o, legitim şəxs, legitim prezident olmalıdır".