CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən şagirdlərin bir qismi "köhnə həyatına" qayıdır

Azərbaycanda məktəblərdə ənənəvi tədris bərpa olunur: ibtidai sinif şagirdləri, eləcə də məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qruplarında oxuyanlar bu gün parta arxasında əyləşəcəklər
Sputnik

BAKI, 1 fevral - Sputnik. Bu gündən ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunur.

Sputnik Azərbaycan bildirir ki, məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkil ediləcək. 

İbtidai siniflər üzrə əyani dərslər iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla keçiriləcək. 

Fevralın 1-dən sonrakı iki həftə müddətində isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.

Qeyd edək ki, 2020-ci il oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. 2020-ci il noyabrın 2-dən isə tədris və təlim-tərbiyə prosesi distant formada təşkil edilib.