CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səs-küylü Azərbaycan serialının taleyi sponsordan asılıdır - VİDEO

Rejissor Əli Əliyev qısa zamanda ona böyük uğur qazandıran işi - gənclər üçün sevgidən bəhs edən internet serial barədə danışıb. O bildirib ki, sponsor tapılmasa, ikinci seriyanı çəkmək çətin olacaq
Sputnik

BAKI, 31 yanvar - Sputnik, Kəmalə Əliyeva. Sevgidən bəhs edən, gənclər üçün çəkilmiş "Sən və Mən" internet serialı YouTube-da yayımlanan ilk seriyası ilə baxış rekordu qıraraq Rusiya, Ukrayna, İran və digər ölkələrdə yaşayan insanların diqqətini cəlb edib. Ancaq əgər sponsor tapılmasa, filmin davamını tamaşaçılar hələ çox gözləyəcəklər. 

Bu barədə Sputnik Azərbaycan-a serialın rejissoru və ssenaristi, All Stars media MMC şirkətinin rəhbəri Əli Əliyev (Аli Moreno) danışıb.

Azərbaycanlı xanımın kitabı Rusiyada 18+ işarəsi ilə dərc olunacaq>>

Əliyev aktyorluq fakültəsini bitirib, Sankt-Peterburqda təhsil alıb. Uzun illər Azərbaycanda müğənnilik edib, amma musiqidən əlavə, həmişə istəyib ki, özünü rejissor kimi sınasın.

O deyir ki, çoxdan müxtəlif ssenarilər yazırmış və nəhayət onlardan birini gerçəkləşdirmək qərarına gəlib. Təbiətən romantik olduğundan kinematoqrafda ilk işini də sevgi mövzusuna həsr etmək qərarına gəlib. 

"Məqsədim Azərbaycan kinematoqrafiyasına yenilik gətirməkdir ki, bizim gənclər türk seriallarına baxmağın daşını atsınlar. Bunun üçün isə bizim öz filmlərimiz olmalıdır. Bu ssenarini çoxdan yazmışam. Bütün qəhrəmanlarımda özümdən bir parça var. Özümdən, öz həyatımdan yazmışam, düzdür, bir az bəzəyib-düzəmişəm. Demək olar ki, həyatımda da buna bənzər situasiya olub", - Əliyev deyir.

Həmkarlarından fərqli olaraq Əliyev serialda peşəkar aktyorlara deyil, blogerlərə rol verməyi qərara alıb. Əliyev hesab edir ki, ümumiyyətlə, Azərbaycanda istedadlı aktyor tapmaq çətindir. Bu səbəbdən də bütün yerli seriallarda elə eyni aktyorları çəkirlər. Buna görə də kastinq təşkil edərək məhz blogerləri seçib. 

Azərbaycanlı aktyor taxt-tac oyunlarının yeni versiyasında - VİDEO

"Onların öz adlarını saxlamaq qərarına gəldim. Hesab edirəm ki, bu, onları məşhurlaşdıracaq. Bu, onlar üçün müsbət haldır. Gələcəkdə hər seriyaya tanınmış adamları dəvət etmək niyyətim var. Ancaq indi mənim serialımda populyar adların olmamasına rəğmən, onun bu qədər tamaşaçı diqqəti cəlb etməsinə görə çox xoşbəxtəm. YouTube-da serialın kanalını yaratdıq və qısa zamanda ora xeyli adam yazıldı", - Əliyev bildirir. 

Onun sözlərinə görə, birinci seriya üçün yazılan bütün rəylər müsbət xarakterlidir. Rejissor etiraf edir ki, filminin sosial şəbəkələrdə belə ajiotaj yaradacağını gözləmirmiş. Ona təkcə Azərbaycandan deyil, Rusiyadan, Ukraynadan, İrandan və digər ölkələrdən də yazıblar. Hətta əcnəbi tamaşaçılar üçün serialı müxtəlif dillərdə səsləndirmək təklifləri də gəlib. 

Əlbəttə, mənfi rəylər də olub. Amma Əliyev

hesab edir ki, bu, sadəcə paxıllıqdır. 

"Birinci seriyanı öz puluma çəkmişəm. Təxminən 12 min manat sərf etdim. Çəkilişi davam etdirmək üçün maddi dəstəyə ehtiyacımız var. Ona görə də sponsor axtarırıq. Bir aylıq çəkilişlər üçün 36 min manata ehtiyacımız var. Digər yerli seriallardan fərqli olaraq, biz sitkom çəkmirik, ona görə çəkilişlər baha alınır. Ssenari, demək olar ki, hazırdır. Ayda iki, ya da üç seriya buraxmaq fikrimiz var. Ancaq sponsor tapmasaq, davamını çəkmək alınmayacaq", - Əliyev qeyd edib. 

İlk seriyanın uğurundan sonra bir çox aktyor və blogerlər internet serialda çəkilmək istədiklərini deyiblər. Rejissor bildirir ki, gələcəkdə serialın həm mövzusuna, həm janrına dəyişiklik etmək istəyir. Ancaq bunu dördüncü, ya da beşinci seriyadan sonra etməyi planlaşdırır. Əliyev əmindir ki, bu, tamaşaçıların xoşuna gələcək. 

On doqquz dəqiqəlik filmlə qəlbləri fəth etdilər - VİDEO

Yeri gəlmişkən, serialı gələcəkdə TV-də də görmək mümkün olacaq. Əliyev yerli telekanallarla danışıq aparır, deyir ki, onlar özləri bunun üçün müraciət ediblər. 

Serialda eyni gündə doğulmuş  Şəmslə Nihadın sevgisindən danışılır. Onlar uşaqlıqdan dostluq edirlər, ancaq sonradan Nihad Londona köçür. 20 ildən sonra Vətənə qayıdır. Yenidən görüşən qəhrəmanlar anlayırlar ki, hələ də bir-birlərini sevirlər. Amma bir problem var - Şəmsin artıq bir sevgilisi var.