SƏHİYYƏ

Bill Geytsdən pandemiya iddialarına əks-həmlə

Koronavirus yayılmağa başlayandan sosial şəbəkələrdə və internet KİV-də milyarder Bill Geytsin pandemiyanın yaranmasında əli olduğu barədə iddialar dolaşır
Sputnik

BAKI, 31 yanvar - Sputnik. Microsoft şirkətinin banisi Bill Geyts deyib ki, vaksinasiya barədə şayiələrin yayılması koronavirus epidemiyasını daha da uzada bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Geyts Almaniyanın Suddeutsche Zeitung qəzetinə müsahibəsində söhbət açıb. O özünün epidemiyanın yayılmasında əli olduğu iddialarını da təkzib edib. 

"İnsanlar sadə həllər axtaranda belə şeylər olur. Onlar sual edirlər ki, görəsən, pandemiyanın arxasında kimsə dayanmır ki?" - Geyts deyib.

"Gördülər ki, virusla qırılmırlar, vaksin məsələsini ortalığa atıblar"

Biznesmen vurğulayıb ki, onun fondu insanların vaksinə inamsızlığı ilə bir neçə dəfə qarşılaşıb.

"Pakistan və Nigeriya kimi ölkələrdə poliomielitlə mübarizə zamanı söhbət gəzirdi ki, vaksinlər təhlükəlidir və qadınlarda sonsuzluq yaradır", - Geyts əlavə edib.

Onun sözlərinə görə, belə çaşqınlıqlara yol verməmək üçün nüfuzlu insanlara, ictimai xadimlərə, yaxud böyük nüfuzu olan din xadimılərinə müraciət etmək lazımdır. Çünki Geytsin fikrincə, yalnız onlar əhaliyə vaksinin üstünlküklərini izah edə bilərlər.

Koronavirus yayılmağa başlayandan sosial şəbəkələrdə və internet KİV-də milyarder Bill Geytsin pandemiyanın yaranmasında əli olduğu barədə xəbərlər dolaşır. Bəziləri yazırdılar ki, Geyts qlobal izləmə məqsədilə insanların bədəninə vaksin vasitəsilə çip yeridir. Geyts isə buna cavab olaraq bu tipli konspirologiya nəzəriyyələrinin çox axmaq olduğunu və belə sualları cavablamağa heç dəymədiyini bildirmişdi.