CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bir neçə sürüşmə ocağı var, onlardan biri FHN-i qabaqlayıb

Bakıda bir neçə ərazidə sürüşmə təhlükəsi var. Bunlardan biri Alov qüllələri ətrafı və onun əhatəsində olan sahələr - Dağüstü park, Nərimanov heykəlinin ətrafı, Abdulla Şaiq küçəsi və s.-dir.
Sputnik

BAKI, 29 yanvar — Sputnik. "Badamdar sürüşmə zonasında vəziyyət stabilləşməyə doğru gedir. Ərazi nəzarət altındadır. Əhalinin və ətrafda işləyən insanların təhlükəsizliyini qorumaq üçün yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, ərazidə lokal sürüşmə hadisələri baş verə bilər.

"Ora uzun illərdən bəri yaranan sürüşmə ərazisidir. Bir neçə vaxtdır ki, ərazidə FHN tərəfindən bərkitmə və terraslama işləri aparılır. İşlər aparılan yerdə sürüşmə baş verməyib. Sürüşmə əsasən gələcəkdə işlərin aparılması nəzərdə tutulan ərazidə olub".

E.Əsədov qeyd edib ki, Bakı şəhəri geoloji və coğrafi möqeyinə görə mürəkkən relyefdə və seysmik ərazidə yerləşir.

"Burada bir çox sürüşmə zonaları mövcuddur. Lakin sırf insanların yaşadığı yerlərdə olan sürüşmə zonaları dörd hissədə müəyyən edilib. Bunlardan biri Alov qüllələri ətrafı və onun əhatəsində olan sahələr - Dağüstü park, Nərimanov heykəlinin ətrafı, Abdulla Şaiq küçəsi və s.-dir. Bu, ərazisinə görə ən böyük sürüşmə sahəsidir. İkinci və üçüncü sürüşmə zonaları Badamdar ərazisindədir. Dördüncü sürüşmə zonası Gəncə prospektindədir. Orada iki yerdə müəyyən edilib. Bunlar general Şıxlınski və Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşir.

Tonlarla torpaq və daş seli: Badamdardakı sürüşmə Sputnik-in obyektivində

Bu sahələrdə böyük işlər aparılır. Yaponiyadan dəvət olunan mütəxəssislər tərəfindən işlər həyata keçirilir və burada aparılan tikinti işləri də onların nəzarəti altında davam edir. Alov qülləri ətrafında 20-dən artıq 60 metr dərinliyində drenaj quyuları qazılıb. Burada stabilləşmə başa çatıb. Quyuların əksəriyyəti fəaliyyət göstərir. Burada qrunt suları və texnogen təsirlər nəticəsində yaranan sular toplanıb kənarlaşdırılır.

Gəncə prospektində 16 quyu qazılıb və orada vəziyyət stabilləşib. Badamdar sürüşmə zonasında layihə əsasında işlər bir müddətdir davam edir, lakin görəcəyimiz işlər hələ tam başa çatmayıb. Orada 2 il əvvəl də sürüşmə olub".

E.Əsədov vurğulayıb ki, bu il ərzində işlər başa çatacaq: "Sürüşmə nəticəsində müəyyən dəyişikliklər ediləcək. Bu da yəqin fevralda bitər və artıq il ərzində işlərimizi yekunlaşdıracağıq".