RUSİYA

Qərb peyvənd müharibəsinə hazırdır

ÜST rəhbərinin bəyanatına görə, hazırda təxminən 50 ölkədə vaksinasiya prosesi gedir və bunların da demək olar ki, hamısı zəngin dövlətlərdir. Bütün dozanın 75 faizi isə cəmi 10 ölkədə tətbiq olunub
Sputnik

BAKI, 29 yanvar — Sputnik, İrina Alksnis. Almaniya kansleri Angela Merkel Beynəlxalq İqtisadi Forumda çıxış edərək COVID-19 peyvəndini dünyada ədalətli şəkildə bölüşdürməyə çağırıb. Bununla da o, koronavirus əleyhinə preparatların zəngin və yoxsul ölkələr arasında qeyri-bərabər paylanması ilə bağlı həyəcan təbili çalan Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) formal şəkildə dəstəkləyib. ÜST rəhbərinin bəyanatına görə, hazırda təxminən 50 ölkədə vaksinasiya prosesi gedir və bunların da demək olar ki, hamısı zəngin dövlətlərdir. Bütün dozanın 75 faizi cəmi 10 ölkədə tətbiq olunub. Hərçənd, alman liderinin ÜST-lə həmrəyliyi məkrli təsir bağışlayır, çünki ədalət nisbi anlayışdır və onu çox fərqli şəkildə başa düşmək olar.

İran vaksin ala bilmək üçün onu qeydiyyatdan keçirdi

Merkelin çıxışı ilə demək olar ki, eyni vaxtda Almaniyanın səhiyyə naziri Brüsselin Avropa Şurasında istehsal olunan peyvəndlərin ixracına lisenziya təşəbbüsünü dəstəklədiyini bildirib. Yens Span açıq-aydın qeyd edib ki, "biz istehsal gücünü artırmaq üçün şuranın imzaladığı, demək olar ki, bütün müqavilələr üzrə bir neçə yüz milyon avro avans vermişik".

O mənalı şəkildə vurğulayıb ki, "məsələ heç də birinci olmaqda deyil, ədalətli olmaqdadır". Bu halda hansı yanaşma doğrudur: hamıya bərabər şəkildə, yoxsa kim prosesə daha çox sərmayə qoysa, o əsasdır?

Ancaq problem yalnız vaksinin yoxsul ölkələrlə zəngin ölkələr arasında bərabər şəkildə bölüşdürülməsi ilə məhdudlaşmır. Üstəlik, bu, ikinci dərəcəli məsələdir, çünki peyvənd uğrunda əsl çarpışma elə Avropanın ortasında gedir.

Avropa Şurasının İngiltərə-İsveç şirkəti AsrtaZeneca ilə qalmaqalı günbəgün böyüyür. Şirkət AŞ-yə xəbərdarlıq edib ki, yaranmış istehsal-logistika problemləri ilə əlaqədar olaraq müqavilədə nəzərdə tutulan preparat tədarükünü 60 faiz məhdudlaşdırmaq məcburiyyətindədir. Bu isə Avropanı qətiyyən qane etmir və o, müqavilədə əksini tapmış konkret öhdəliklərin yerinə yetirilməsini tələb edir. Ancaq bunun üçün Böyük Britaniyadakı müəssisələrdə istehsal olunan preparatın qitəyə tədarük edilməsi lazım gəlir. Londonun isə AstraZeneca ilə bağladığı müqaviləyə əsasən, bu preparatlarla bağlı üstün hüququ var. Avropa Şurası isə öz növbəsində, quruma üzv dövlətlərin ərazisində istehsal olunmuş peyvənd preparatlarının Böyük Britaniyaya ixracını dayandırmaq hüququna malikdir. Bir sözlə, məsələ dalana dirənib.

ÜST iddia edir ki, vaksindən ölən yoxdur>>

Amma hər bir halda, İngiltərə daha yaxşı vəziyyətdədir. Artıq bu ölkə əhalisinin təqribən onda bir hissəsi peyvənd olunub, halbuki ümumilikdə Avropa üzrə bu göstərici cəmi 2 faiz təşkil edir. Bu ilin ilk rübündə isə Birləşmiş Krallığın Avropa Şurasına üzv ölkələrdən üç dəfə artıq dozada peyvənd alacağı proqnozlaşdırılır.

Siyasi kontekst vəziyyəti bir az da gərginləşdirir. Həm də avropalı skeptiklərin Böyük Britaniyanın şuradan çıxmaqla düz iş gördüyü yönündəki arqumentlərini gücləndirir. Artıq KİV-də ölkələr arasında "peyvənd müharibəsi"nin başlayacağı barədə ehtimallar yer almaqdadır. Qərb üçün əsas problem heç də peyvənd istehsalı miqyasının fiziki olaraq tələbatı qısa zamanda ödəməyə imkan verməməsi ilə bağlı deyil. Bu problemlə bu və ya digər formada başqa ölkələr, o cümlədən peyvənd istehsalçıları olan Rusiya və Çin də qarşılaşır. Hamı daha tez və daha çox dozada peyvənd əldə etmək istəyir, amma istehsal gücünün müəyyən limiti var.

Bizə niyə Çin vaksini vuracaqlar? İşçi qrupunun üzvü xüsusiyyətləri sadalayır

Avropanın ən böyük problemi (səhvi demək daha doğru olardı) ondan ibarətdir ki, qitə ölkələri peyvəndə az qala abi-həyat kimi yanaşaraq COVID-19-la mübarizədə ən böyük stavkanı məhz ona ediblər. Avropa (Böyük Britaniya da daxil olmaqla) hakimiyyətinin virusla mübarizədə əsas iş üsulu –insanları evə qapayaraq vaksinin gəlişini gözləməkdir. Bu siyasətin nəticəsini isə Avropa şəhərlərinin küçələrində aşkarca görmək olar: insanlar artıq bitib-tükənməyən məhdudiyyətlərin əlindən zəncir çeynəyirlər. Bu günlərdə xüsusilə Hollandiyada vəziyyət kəskinləşmişdi. Və bunun sonu görünmür. Halbuki Rusiya və Çində dövlət öz siyasətində daha çox çeviklik nümayiş etdirir. Epidemiya əleyhinə görülən tədbirlər sayəsində əhalinin əksər hissəsi bu ağır dövrü minimum narahatlıqla keçirir. Səhiyyə sistemi də Avropada olduğu kimi iflasa uğramayıb. Ümumilikdə vəziyyət stabildir və yavaş-yavaş yaxşılaşmağa doğru gedir və mütəxəssislər artıq ehtiyatla da olsa, nikbin proqnozlar verməyə başlayıblar.

Bu fonda Avropanın koronavirusla mübarizədə "hamı peyvənd olunana qədər insanları təcrid edib heç yerə buraxmamaq" metodu xeyli təsirsiz görünür. Avropanın hakimiyyət orqanları ya siyasətini dəyişmək istəmir, ya da başqa çıxış yolu tapmır. Nəticədə də, bu qitədə ölkələr peyvəndi az qala bir-birinin əlindən qapmağa çalışır.

Və əlbəttə ki, bu vəziyyətdə Rusiya peyvəndinə qarşı informasiya müharibəsinə də ara vermək lazım gəlir. Eynilə Angela Merkelin əvvəlki mövqeyindən əl çəkib Vladimir Putinə "Sputnik-V" vaksinini Avropa Şurasında dəstəkləməyi təklif etməsi kimi...