Bakının Səbail rayonunun Bayıl yamacında sürüşmə aktivliyi qeydə alınıb. Ötən gecə torpaq və daş seli Badamdar qəsəbəsindən Bayıla doğru hərəkət edib. Badamdarla 20-ci Sahəni birləşdirən yol tamamilə bağlanıb. İki fərdi yaşayış evi də Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini dayandırdığı iaşə obyekti zərər görüb.
Xoşbəxtlikdən, insan tələfatı yoxdur.
FHN-dən bildirilib ki, Badamdarda sürüşmənin aktivləşməsinə təbii amillər, o cümlədən yanvarın 28-i saat 21:06-da Xəzərdə baş verən zəlzələ təsir edib. Sahil zolağında zəlzələ 3 baladək hiss olunub.
Ərazinin geoloji quruluşu, süxurların yuyulmaya meylliliyi və atmosfer yağıntıları da prosesə təkan verib.
Hazırda hadisə yerində FHN-in müvafiq qurumlarının əməkdaşları çalışırlar. Sürüşmə zonasında təhlükəsizlik tədbirləri görülür.