Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 29 yanvar — Sputnik. "Onlayn təhsil təhsilalma və təhsilvermə imkanlarını dəyişdi. Avropanın inkişaf etmiş ölkələri tələbələrin fərdi qaydada tədris prosesinin təkminləşməsinə imkan verir. Lakin Azərbaycanda tyutorluq sistemi tam olaraq oturuşmadığı üçün tələbələr fərdi qaydada özlərini inkişaf etdirməkdə çətinlik çəkirlər. Qeyd edim ki, Azərbaycanda adaptiv təhsil formatı effektiv olmayacaq". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında təhsil eskperti Kamran Əsədov Azərbaycan üçün yeni təhsil modeli hesab edilən adaptiv təhsil modelinin ölkədə UNEC-də tətbiqi ilə əlaqədar danışarkən belə deyib.
O bu təhsil modelinin ölkəmiz üçün hələlik uyğun olmamasının səbəbini ali məktəblərə qəbul olunanların hamısının eyni bilik göstəricilərinə malik olmaması ilə izah edir: "Buna görə də adaptiv təhsil müəyyən çatışmazlıqlara səbəb olacaq. Digər tərəfdən bunun üçün texniki imkanlar da yoxdur. Bunun üçün gərək bütün müəllimlər, tələbələr vahid qiymətləndirmə metoduna keçsin. Azərbaycanda fərdi inkişaf üçün elektron resurlar, imkanlar, elektron avadanlıqlar, yoxlama-ölçü alətləri yoxdur. Lakin bizdən fərqli olaraq dünyanın ən inkişaf etmiş ölkələrində bunu görə bilərik. Bizdə isə ali təhsil müəssisələrində mərkəzləşmiş imtahanlardan keçənlər belə o qədər də uğurlu kadra çevrilmirlər".
"Məhz bunun nəticəsidir ki, ölkəmizdə ali təhsil müəssisələrini bitirən şəxslərin 42 faizi işləyə bilir. Bu isə o deməkdir ki, qarşılıqlı intensiv təhsilalma formasında belə o qədər də effekt almaq mümkün deyil. Danimarka, Belçika, Finlandiya universitetləri dünya reytinqində öndədirlər və onlar bu cür təhsil modelinə görə uğur əldə edə bilərlər", - deyə K.Əsədov əlavə edib.
Qeyd edək ki, Danimarkanın "Area9 Lyceum" şirkətilə UNEC arasında imzalanmış müqaviləyə əsasən, adaptiv təhsil üzrə mütəxəssis - mühəndis hazırlığı proqramı uğurla başa çatıb.
Adaptiv təhsilin Azərbaycanda korporativ sektorda və UNEC-də tətbiqi imkanları müzakirə edilib və qeyd olunub ki, adaptiv təhsil modelində hər bir təhsilalanın fərdi xüsusiyyətləri nəzərə alınmaqla fərdi təhsil trayektoriyası formalaşdırılır. Nəticədə iki dəfə az vaxt sərf etməklə mövzunun 100 faiz mənimsənilməsi təmin edilir.
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə adaptiv təhsil holdinq və şirkətlərin öz işçilərinin performansını daha da yüksəltmələri üçün geniş tətbiq olunur.