CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İkinci dəfə doğulub: Tank əleyhinə minaya düşən tərtərli sağ qaldı

Tərtərdə traktorçu tank əleyhinə minaya düşüb. Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən kişi hadisənin necə baş verdiyini danışıb
Sputnik

BAKI, 28 yanvar - Sputnik. Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktor minaya düşüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə zamanı traktorçu, Tərtər rayon Seydimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb. O, Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Elgün Ələkbərov Qızıloba kəndində torpaq şumlayarkən tank əleyhinə minaya düşdüyünü söyləyib: “Həmin vaxt traktorla  işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. Öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm, ciddi yaram yoxdur. Amma əlim-üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdim. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı".