Ərdoğandan müjdə: Türkiyə üçüncü yerdədir

Türkiyə prezidenti: "Dünyanın koronavirusla mübarizə apardığı dövrdə elm adamlarımızın əldə etdiyi nailiyyətləri də izləyirik. 436 alim peyvənd və dərman hazırlamaqla bağlı 17 layihə həyata keçirir".
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Koronavirusla mübarizə üçün Türkiyənin yerli istehsalı olan üç yeni növ peyvəndin sınağına başlanılır. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Dünyanın koronavirusla mübarizə apardığı dövrdə elm adamlarımızın əldə etdiyi nailiyyətləri də izləyirik. 436 alim peyvənd və dərman hazırlamaqla bağlı 17 layihə həyata keçirir. Alimlərimizin iş və təcrübələri dünyaya örnək olaraq göstərilir. Üç yeni növ peyvəndin sınağına başlanılır. Yeni növ peyvəndin yerli və milli istehsalı məsələsində özəl sektoru da səfərbər etdik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ABŞ və Çindən sonra ən çox peyvənd layihəsini həyata keçirən ölkəyik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100,8 milyonu keçib, 2,17 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.