BAKI, 28 yanvar — Sputnik. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10102 müraciət araşdırılaraq cavablandırılıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər.
Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib. Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, həmçinin işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.