Qazaxıstanın pomidor bəhanəsinə Azərbaycan soğanla cavab verdi

Məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.
Sputnik

BAKI, 28 yanvar - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Sputnik Azərbaycan AQTA-ya istinadla xəbər verir ki, Qazaxıstan Respublikasında fəaliyyət göstərən "ТИМУР" fərdi sahibkar tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına “TechnicAz” MMC tərəfindən idxal olunan 650 ton soğan məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.

Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Xatırladaq ki, Qazaxıstan Azərbaycandan pomidor idxalına müvəqqəti qadağa qoyub. Onların izahatına görə, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi qırışlı meyvə virusu (Tomato brown rugose fruit virus – ToBRFV) aşkar edilib. İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib.