RUSİYA

Qarabağa dair üçtərəfli qrupun ilk iclasının tarixi müəyyənləşib

Ötən gün KİV-də Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün bu gün Moskvada keçiriləcəyi barədə məlumat yayılmışdı.
Sputnik

BAKI, 27 yanvar - Sputnik. Qarabağa dair üçtərəfli işçi qrupun birinci iclası 2021-ci il yanvarın 30-da keçiriləcək.

"Tərəflərin qarşılıqlı razılığı əsasında Ermənistan tərəfinin təklifi ilə daha öncədən nəzərdə tutulan Azərbaycan Respublikası, Ermənistan Respublıikası baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədr müavininin birgə sədrliyi ilə üçtərəfli İşçi qrupun birinci iclası 2021-ci il yanvarın 30-da Moskvada keçiriləcək". Bu barədə Sputnik-ə RF hökuməti sədrinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev məlumat verib.

Xatırladaq ki, ötən gün KİV-də Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün bu gün Moskvada keçiriləcəyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.