Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 27 yanvar — Sputnik. Dünyanın geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib. Təəssüf hissi ilə qeyd etmək olar ki, hazırda beynəlxalq münasibətlərdə sistemli bir yanaşma yoxdur. Beynəlxalq hüququn aliliyi qorunmur. Azərbaycan öz şəxsi təcrübəsində də bunu görüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili" adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O vurğulayıb ki, beynəlxalq sülhə və təhlükəsizliyə məsul olan qurumlar tamamilə qeyri-effektiv şəkildə fəaliyyət göstərməkdədir: "Dövlətlər arasında gərginlik və beynəlxalq hüququ pozan davranışlar getdikcə artmağa doğru davam edir. Bugünkü beynəlxalq münasibətlər 1910-cu ildə olan beynəlxalq münasibətləri - hansı ki, böyük dövlətlər arasında çox kəskin bir rəqabətin aparıldığı dövrə və biz bunun nə ilə nəticələndiyini bilirik, eyni zamanda, 1929-1933-cü illərdə böhran şəraiti COVID-19-un yaratdığı böhran şəraiti ilə müqayisə olunur. Bunların da sonradan nəticəsinin şahidi olduq. İnşallah, biz ümid edirik ki, bu dəfə beynəlxalq münasibətlərdə bu gərginlik olmaz".
Prezidentin köməkçisi qeyd edib ki, hazırda dövlətlərarası gərginliyi artıra biləcək zəminlər və fəsadlar var: "Xüsusilə COVID-19-dan sonrakı dünyaya baxdıqda dünya üzrə iqtisadi tənəzzül, yoxsulluğun artması və bu zəmində də müxtəlif münaqişələrin və gərginliyin artması bizim coğrafiyamıza da təsir edə bilər".
"Biz coğrafiyamızı, yəni geosiyasi mühiti dəyişməyə müvəffəq olduq. Azərbaycanın üzləşdiyi işğalı aradan qaldırmağa aradan qaldırdıq və Azərbaycan torpaqları işğaldan azad edildi. İndi regionda yeni bir müstəvi, yeni imkanlar açılmışdı. Bu xüsusda da Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifələr və yeni öhdəliklər düşür. İstər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, istərsə də bütöv bir regionun geniş mənada geosiyasətinin dəyişdirilərək bunun əməkdaşlığa, işbirliyinə doğru inkişaf etdirilməsidir. Azərbaycan və Türkiyə əməkdaşlığı regionun və Avropanın enerji mənzərəsinin dəyişdirilməsində vacib fakt idi", - deyə Hikmət Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə sərhədi olan yeganə ölkədir: "Coğrafi baxımdan götürsək, Türkiyə Cənubi Qafqaz ölkəsidir. Ona görə də Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə və regionumuzda hələ də kövrək olan sülhün, davamlı sülhə köçürülməsi prosesində də aktiv şəkildə iştirak etməlidir".
Hacıyev, eyni zamanda, bildirib ki, Azərbaycan-Türkiyə birliyi Gürcüstanın da inkişafına səbəb olub: "Ermənistan siyasi rəhbərliyi ağıllı siyasət yürüdərsə, onlar da Azərbaycan və Türkiyə işbirliyindən yararlana bilərlər. Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə olunacaq. Burada Ermənistan faktiki olaraq tranzit ölkəyə çevrilə bilər. Nəticə etibarı ilə, regionda kommunikasiyaların açılması, əməkdaşlıq bazasının gücləndirilməsi uzunmüddətli sülhü və təhlükəsizliyi gücləndirən amil olacaq".