"Elmlər Akademiyası"nda təhlükəsizlik tədbirləri görülür

Əgər metronun fəaliyyəti bərpa olunarsa, sərnişinlərin stansiyadan normal istifadə etməsi üçün təhlükəsizlik tədbirləri görüləcək.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının üzərində yerləşən binasında təmir işlərinə başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O qeyd edib ki, bu məqsədlə metro stansiyanın ətrafı hasarlanır:

"Metronun "Elmlər Akademiyası" stansiyası üzərində yerləşən inzibati binasının fasadı yenilənəcək. Stansiyanın ətrafı da piyadaların təhlükəsizliyi üçün hasarlanır".

Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda ərazidə qaldırıcı kran işləyir, fəhlələr əraziyə daş plitələr daşıyır.

B.Məmmədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə metroda sərnişindaşıma fəaliyyəti dayandırılıb. Əgər metronun fəaliyyəti bərpa olunarsa, sərnişinlərin stansiyadan normal istifadə etməsi üçün təhlükəsizlik tədbirləri görüləcək. Hazırda aparılan işlər sırf piyadaların təhlükəsiz hərəkəti üçündür.