RUSİYA

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb
Sputnik

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq