RUSİYA

Lavrov və Zərif Qarabağa dair nəyi müzakirə ediblər?

"Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək".
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. "Biz Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Biz yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın Baş nazirinin görüşündə əldə olunan razılaşmalar barədə (qonağı) məlumatlandırdıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bu görüşdə region ölkələrinin də iştirakı ilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və digər əlaqələrin bərpası üçün əməkdaşlığa dair qərar qəbul edilib. Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək", - deyə Lavrov qeyd edib.

Tehrandan Qarabağ mesajı: "Digər ölkələr ilə müqayisədə üstünlüyə malikik"

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.