BAKI, 26 yanvar - Sputnik. Bir neçə asteroid bu həftənin sonunadək Yerin yanından keçəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA-nın Yerətrafı Obyektlərin Öyrənilməsi Mərkəzi məlumat yayıb.
Məlumata görə, yanvarın 28-də Yerdən Ayadək olan məsafənin 5,5 qatı qədər uzaqlıqdan (təxminən 2,2 milyon km) 2021 BZ asteroidi keçəcək. Onun ölçüsü 29-65 metr arası təxmin edilir. O, Bakı vaxtı ilə təxminən 8:12-də Yerə ən yaxın məsafədən keçəcək.
Bir qədər iri (47-110 m) 2021 AG7 asteroidi isə cümə günü "qonağımızdır". Onun Yerə ən yaxın məsafədən Bakı vaxtı ilə 12:50-də keçəcəyi təxmin edilir. Bu məsafə planetimizdən Ayadək olan məsafədən 11 dəfə çoxdur. Cümə günü axşam üçüncü bir asteroid - 2021 AF7 - daha da uzaq məsafədən keçəcək. Onun ölçülərinin 24-53 m olduğu təxmin edilir.
Qeyd edək ki, bu gün 2021 AL və 2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub. Təxminən 67 m böyüklükdə olan asteroid Yerin yaxınlığından 5:01-də, balaca asteroid (19-43 m ölçüdə) isə 13:58-də keçib.