Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 25 yanvar — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Astara Rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Toğrul Əhədzadənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Bəxtiyar Quliyev 9 qramdan artıq narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb: “Onun üzərinə baxış keçirilən zaman üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq B.Quliyevin yaşadığı evə baxış aparılarkən oradan 2 ədəd sellofan bağlamada ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkar edilib".
T.Əhədzadə həmçinin qeyd edib ki, B.Quliyevin həmin narkotik vasitəni əldə etdiyi rayon sakini İmran Məmmədov da bir neçə gün əvvəl Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.