Mingəçevirdə sərt karantindən sonra nələr yaşanır?

Bu gündən ölkədə fəaliyyət göstərən muzey, sərgi salonları da ziyarətçilərin üzünə açılıb. Mingəçevir Tarix müzeyinin direktoru bildirib ki, səhər saatlarından artıq insanlar muzeyə gəlməyə başlayıblar.
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Ölkədə yoluxma azaldıqca sərt karantin rejimi də yumşaldılır. 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub. Karantin rejiminin yumşaldılmasından sonra Mingəçevirin giriş-çıxışına qoyulan polis postları da götürülüb. Səhər saatlarından etibarən "Nur şəhəri"-ndə canlanma müşahidə edilir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Mingəçevir sakini Dilguşə Ahəngari sərt karantin qaydalarının yumşaldılmasına sevindiyini, amma qaydalara riayət etməyin vacibliyini də unutmamağın lazım gəldiyini deyib:

"Bu gün səhər şəhərə çıxanda gördüm ki, çox yerlər artıq açılıb. Mingəçevirdə artıq canlanma hiss edilir. İstədiyin yerlərə gedə bilirsən. Təbii ki, yenə də qaydalara uyğun hərəkət etməliyik. Yəni maska taxılmalı, lazımı yerdə əlcəkdən istifadə etməli, spirtlə əlləri dezinfeksiya etməyi unutmamalıyıq. Artıq ölkədə peyvənd vurulmasına da başlanıb. Düşünürəm ki, tezliklə yaxşı nəticə verər."

Bu gündən ölkədə fəaliyyət göstərən muzey, sərgi salonları da ziyarətçilərin üzünə açılıb. Mingəçevir Tarix müzeyinin direktoru Nofər Məmmədəliyev Sputnik Azərbaycan-a bildirib ki, səhər saatlarından artıq insanlar bura gəlməyə başlayıb:

"Ölkədə yoluxma halları azalır və sərt karantin rejimi yumşaldılır. Bu gündən müzeylər, sərgi salonları artıq açılıb. Mingəçevir Tarix müzeyi də fəaliyyətini bərpa edib. Səhər saatlarından başlayaraq 10-dan artıq ziyarətçi müzeyə gəlib. İşçilərdə də yüksək əhval-ruhiyyə var. Biz ziyarətçiləri gözləyirik. Yeni eksponatlarımız var, inanıram ki, onları izləməyə gələnlər çox olacaq."

Qeyd edək ki, sərt karantin rejimi tətbiq edilən şəhərlərdən biri də Mingəçevir idi. Ötən il dekabrın 14-dən etibarən bu şəhərə giriş-çıxış məhdudlaşdırılmış, SMSicazə sistemi tətbiq edilmişdi.