Azərbaycanda çətənə emalı fabrikinin yaradılması təklif edilib

Türkiyənin vitse-prezidentinin baş müşaviri Erkan Koparmalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ASK-nın prezidenti arasında görüş keçirilib.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Türkiyənin Yozqat Konfederasiyası Azərbaycanda beynəlxalq sənaye üsulu çətənə emalı fabrikinin yaradılmasını təklif edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) Sputnik Azərbaycan-a verilən məlumata görə, bunu Yozqat Konfederasiyasının prezidenti Mehmet Deniz ASK-nın prezidenti Məmməd Musayev ilə görüşü zamanı deyib.

M.Deniz Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə həyata keçirilən tibb, kosmetika, ip istehsalı kimi digər sahələrdə də istifadə olunan sənaye üsulu çətənə emalı layihəsi haqqında geniş məlumat verib. O, bu layihəni Azərbaycanda da həyata keçirmək istədiklərini, burada beynəlxalq fabrik qurmaq arzusunda olduqlarını bildirib.

Qeyd edək ki, Türkiyənin vitse-prezidentinin baş müşaviri Erkan Koparmalın rəhbərlik etdiyi, Yozqat Ticarət və Sənaye Palatasının prezidenti Sinan Çelikin də daxil olduğu nümayəndə heyəti ilə ASK-nın prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Erkan Koparmal bütün görüşlərində Azərbaycanda həyata keçirməkdə maraqlı olduqları layihələr haqqında geniş fikir mübadiləsi apardıqlarını və işğaldan azad olunmuş ərazilərin yenidənqurulması işlərində fəal iştirak etmək niyyətində olduqlarını bir daha vurğulayıb.