Şəhid tabor komandirinin nəşi tapılıb

Şəhid polkovnik-leytenant Atəm Əliyevin nəşi tapılıb və bu gün o, Ağdaş rayonunda torpağa tapşırılacaq.
Sputnik

BAKI, 24 yanvar - Sputnik. Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri polkovnik-leytenant Atəm Əliyevin bu gün nəşi tapılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, şəhid polkovnik-leytenant bu gün Ağdaş rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 2020-ci il dekabrın 28-də İkinci Qarabağ Müharibəsində həlak olmuş hərbi qulluqçuların siyahısını yeniləyib.

Nazirliyin açıqladığı siyahıda dekabrın 28-dək dəfn edilmiş 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyi bildirilirdi.

Bundan əvvəl Nazirlik 2802 şəxsin adlarını açıqlamışdı və İkinci Qarabağ Müharibəsində Azərbaycanın ümumilikdə, 2783 hərbi qulluqçusunun həlak olduğunu qeyd etmişdi.