XİN dəniz quldurlarının qətlə yetirdiyi azərbaycanlı barədə məlumat yayıb

XİN: Fərman İsmayılovun nəşinin yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.
Sputnik

BAKI, 24 yanvar - Sputnik. Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respubluikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşının nəşinin Vətənə gətirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır", - deyə Leyla Abdullayeva bildirib.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.