İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Yanvarın 22-dən etibarən ov mövsümü açıq elan edilib və fevralın 28-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Sputnik Azərbaycan-a bildirib ki, mövsümə start verilsə də, istənilən heyvanı ovlamaq olmaz:
“Hər bir ov obyektinin özünün ovlanma müddəti var. Hazırkı dövrdə, yəni yanvar-fevral ayı müddətində yalnız qaz, ördək və qaşqaldağın ovuna icazə verilir. Digər ov heyvanları üçün isə ov müddətləri bitib. Hazırda hər bir ovçu qaz və ördəyin hərəsindən yalnız bir baş ovlaya bilər. İstənilən sayda ovlamaq təbii ki, təbiətə qarşı haqsızlıq deməkdir. Eyni zamanda qanunazidd bir hərəkətdir”.
Arzu Səmədovanın sözlərinə görə, yalnız ovçuluq təsərrüfatlarında və ov üçün ayrılmış yerlərdə bu fəaliyyəti həyata keçirmək olar. Ov üçün nəzərdə tutulmuş xüsusi günlər də var:
“Yalnız şənbə-bazar günlərində ova icazə verilir. Eyni zamanda ova icazə verilən və qadağan olunan xüsusi ərazilər var. Xüsusi mühafizə olunan təbiət ərazilərində, yəni milli parklarda, qoruqların ərazisində, yaşayış məntəqələrində, yaşayış məntəqələrindən 2 kilometr aralıda, eyni zamanda sahil zolağında, yaşıllıq zonalarında, meşə ərazilərində, həmçinin sərhədyanı rayonların ərazisində ov tamamilə qadağan edilir”.
Ov müddəti bitən, eləcə də Qırmızı Kitaba düşən heyvanların ovlanması məsuliyyət yaradır. Əgər bu heyvanlar xüsusi mühafizə olunan təbiət ərazisindədirsə, cərimənin məbləği 3 dəfə artıq olur. Nazirlik rəsmisi vurğulayıb ki, bəzi hallarda ovçuların özlərinin mənəvi məsuliyyətindən asılı olan hallar da var.
“Ovçuların özlərində də ictimai qınaq olmalı və yoldaşlarını Qırmızı Kitaba düşmüş heyvanları ovlamaqdan çəkindirməlidirlər. Həm də bizim adət-ənənələrimiz var. Balası olan heyvanların da ovlanması doğru deyil” - Səmədova deyib.