BAKI, 23 yanvar — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.
Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.