ELM

İmtahanda iştirak edə bilməyən şagirdlərlə bağlı vacib açıqlama

"Birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq".
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda qiymətləndirmə imtahanlarında iştirak edə bilməyən şagirdlər yenidən imtahan verə biləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xüsusi karantin rejimi dövründə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı brifinqdə Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.

O bildirib ki, birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq. V.Yaqublunun sözlərinə görə, həmin şagirdlər növbəti bir ay ərzində məktəbə gəlməklə imtahandan keçə bilərlər: "Nəzərə alsaq ki, növbəti aydan məktəblərdə tədris başlanacaq, həmin şagirdlər də sosial məsafə və sıxlığı gözləməklə gəlib məktəbdə imtahan verə biləcəklər".