CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxarı siniflərdə və ali məktəblərdə ənənəvi təhsilin bərpası ilə bağlı qərar ertələnib

"Təxminən 80 faiz şagirdimiz 25 və daha az sayda qrupla sinifdə təhsil alır. Əsas məsələ sıxlığı idarə etməkdir. Hibrid model yaradıcı təfəkkürün məhsulu deyil" - təhsil naziri
Sputnik

BAKI, 22 yanvar — Sputnik. "Fevralın 1-dən sonra növbəti iki həftə ərzində 5-9-cu sinif şagirdlərinin təhsillərini ənənəvi davam etdirmələri və ali təhsil müəssisələrində də qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarların verilməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məlumat verib. Nazir bildirib ki, Bakı metrosunun açılması ilə bağlı qərar verilərsə, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarana bilər: "Siz bilirsiniz ki, müəllim və şagirdlərin, eləcə də valideynlərin çoxu metrodan istifadə edir".

E.Əmrullayev onu da söyləyib ki, pandemiya şəraitində ən vacib göstərici sıxlığın idarə olunmasıdır: "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə bağlı qoyduğu əsas tələblərdən biri də sosial məsafənin qorunması ilə bağlıdır.

ÜST-ün tələbinə görə, sosial məsafə 1,5 metr olmalıdır. Nəzərə almalıyıq ki, Azərbaycanda şagird sayı 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir. Siniflərin, məktəblərin, müəllimlərin sayı baxımından siniflər bölünürsə, həftədə 5 dəfə tədrisin əyani bərpası mümkün olmur. Məktəblərin çoxu ikinövbəlidir. Bütün məktəblərdə sıxlıq əmsalları eyni deyil. 85600 sinifdən 49 minində, yəni 57 faizində şagird sayı 20 nəfərə yaxın, 20 minində 20-25 nəfər arasındadır.

Təxminən 80 faiz şagirdimiz 25 və daha az sayda qrupla sinifdə təhsil alır. Əsas məsələ sıxlığı idarə etməkdir. Hibrid model yaradıcı təfəkkürün məhsulu deyil".

Nazir bildirib ki, fevralın 1-dən etibarən 2 həftə ərzində təhsillə bağlı növbəti qərarlar veriləcək.