Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 22 yanvar — Sputnik. Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılır. Media Platformanın yaradılması ilə bağlı saziş ötən ilin sentyabrında imzalansa da, onun formalaşdırılmasına dair işlərə bu ildən start verilib. Belə ki, Milli Məclisin yaz sessiyasında Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi gözlənilir. Memorandumun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasına ümidlər böyükdür. Xüsusi ilə bu platformanın Azərbaycanın mediasının inkişafına təkan verəcəyi, Türkiyə təcrübəsinin Azərbaycan mediasında tətbiqi gözlənilir.
Sputnik Azərbaycan Parlament Jurnalistləri Birliyinin (PJB) sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, "Küresel Gazeteciler Konseyi"nin sədri Mehmet Ali Dimlə həmsöhbət olub, onların Birgə Media Platformasından gözləntiləri ilə maraqlanıb.
PJB sədri qeyd edib ki, bu günə qədər Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə qardaşlıq səviyyəsində olub:
“Bura siyasi, iqtisadi, mədəni və s. sahələr daxildir. Lakin media sahəsində bunu demək çətindir. Belə ki, bu günə qədər Türkiyədən Azərbaycana səfər edən media qurumlarının nümayəndələri nəinki dünya, heç Türkiyə miqyasında tanınmayan jurnalistlər olub. Son bir ilə qədər Azərbaycanın məsələləri Türkiyə mediasında doğru-düzgün işıqlandırılmayıb”.
Elşad Eyvazlı vurğulayır ki, Türkiyə mediası dedikdə biz daha çox İstanbul mediasını nəzərə almalıyıq: “İstanbul mediası Türkiyənin səsidir, Türkiyənin Avropaya, dünyaya çıxan səsidir. Biz bu günə qədər Azərbaycan Türkiyə media münasibətlərindən danışarkən qeyd etmişik ki, əlaqələrimiz genişdir, qarşılıqlı səfərlər təşkil olunub. Lakin bu əməkdaşlıq məişət səviyyəsindən yuxarı qalxmayıb. Bunu ən azı biz Azərbaycanın problemlərinin Türkiyə mediasında necə işıqlandırılmasından görmüşük. Adlarını çəkməyim, lakin dəfələrlə olub ki, İstanbul mediasında, müəyyən qəzetlərdə Azərbaycan əleyhinə mənasız yazılar gedib. Sonradan başa düşüblər ki, bu ancaq onların məlumatsızlığından irəli gəlib”.
Sədr qeyd edir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ideya müəllifliyi, rəhbərliyi ilə Türkiyə-Azərbaycan Birgə Media Platforması qurulur.
Elşad Eyvazlı vurğulayır ki, Türkiyə-Azərbaycan Birgə Media Platformasında əsas iş jurnalistlərin üzərinə düşür: “Görünən odur ki, hər iki ölkədə - həm Azərbaycan, həm də Türkiyədə olan jurnalistlər bu prosesə çoxdan hazırdırlar. Sadəcə onları doğru istiqamətləndirmək lazımdır. Düşünürəm ki, Platforma bu işi görəcək, hər iki ölkəndən olan jurnalistləri istiqamətləndirəcək”.
PJB rəhbəri Azərbaycan-Türkiyə Birgə Media Platformasından üç qazancımız olacaq:
“Birincisi, Azərbaycanın məsələləri Türkiyə mediasında, dolayısı yolla dünya mediasında işıqlandırılacaq. İkincisi, Azərbaycan və türkiyəli jurnalistlər arasında təcrübə mübadiləsi olacaq. Üçüncüsü isə, ölkələr arasında akademik mübadilələr olacağını gözləyirəm. Türkiyənin aparıcı, nüfuzlu universitetlərində jurnalistika fakültələri var. Belə ki, jurnalistika sahəsində təhsil alan azərbaycanlı tələbələrin Türkiyədə təcrübə keçməsi təşkil oluna bilər. Bu üç istiqamətdə işlər davam edərsə, jurnalistika sahəsində iki ölkə arasında münasibətlər inkişaf edərsə, bu, Türkiyə və Azərbaycanın digər sahələrdə olan münasibətlərinə də təsirsiz ötüşməyəcək".
"Küresel Gazeteciler Konseyi"nin sədri Mehmet Ali Dim isə bu platformanın jurnalistika sahəsində ölkələr arasında əməkdaşlığa töhfə, yeni nəfəs verəcəyini bildirib: “Bu layihə təhsil, qarşılıqlı iş dəstəyi, xəbərlərin mübadiləsi baxımından bizə media pəncərəsindən yeni bir baxış bucağı təqdim edəcək”.
O, həmçinin qeyd edib ki, Birgə Media Platforması beynəlxalq arenada dezinformasiyalarla ortaq mübarizə və dünya birliyinin doğru-dürüst şəkildə məlumatlandırılmasına töhfə verəcək: “Biz buna dair nümunəni Qarabağ müharibəsi zamanı gördük. Belə ki, hər iki ölkənin mediası bir, bərabər çıxış edərək Qarabağ barədə həqiqətlərin, müharibənin gedişatı, Ermənistan tərəfinin dinc əhaliyə, azərbaycanlılara qarşı törətdiyi zorakılıqların dünya mediasına, beynəlxalq arenaya çıxarılması, yayılması məsələsində çox effektiv oldu.
"Küresel Gazeteciler Konseyi" kanalı ilə biz bu platformanın sayəsində Azərbaycana xeyli sayda dünyanın aparıcı KİV-ində fəaliyyət göstərən jurnalistləri gətirdik. Bu jurnalistlər Azərbaycanın işğaldan azad olunan torpaqlarında oldular və orada gördükləri həqiqətləri öz ölkələrinin vətəndaşlarına çatdırdılar”.
Mehmet Ali Dimin fikrincə, gələcəkdə Türkiyə-Azərbaycan Birgə Media Platformasına digər türk dövlətləri də cəlb oluna bilər.