SƏHİYYƏ

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.