MƏDƏNİYYƏT

Sankt-Peterburqda ilk dəfə "Min bir gecə" baleti nümayiş olunub

15-22 yanvar tarixində gerçəkləşən səfər proqramında P.Çaykovskinin "Yatmış gözəl", A.Adanın "Korsar" baletleri ilə bərabər Fikrət Əmirovun "Min bir gecə" əsəri əsas yer tutur.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Sankt-Peterburqun dünya şöhrətli Mariinski Teatrında dahi bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baletinin dörd gün ərzində uğurlu ifası baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşalar Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində nümayiş olunub.

15-22 yanvar tarixində gerçəkləşən səfər proqramında P.Çaykovskinin "Yatmış gözəl", A.Adanın "Korsar" baletleri ilə bərabər Fikrət Əmirovun "Min bir gecə" əsəri əsas yer tutur.

Mariinski Teatrının Primorski səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi "1001 gecə" baleti Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib. Bütün dörd tamaşaya biletlər daha öncədən satılıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.

Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev idarə edib.

Tamaşanın dekorasiyaları və kostyumları Peter Okunev tərəfindən hazırlanıb, işıq üzrə rəssam Sergey Martınov, video tərtibat Vadim Dulenko, əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər.

Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Tamaşaların ən əlamətdar hadisələrindən biri Mariinski Teatrının direktoru və baş dirijoru, dünya şöhrətli maestro Valeri Gergiyevin Fikrət Əmirovun baletini izləmək üçün xüsusi olaraq şəxsi cədvəlini dəyişməsi olub. Tamaşanı izlədikdən sonra maestro Valery Gergiyev Azərbaycanlı dirijor Əyyub Quliyev, baletmeyster Eldar Əliyev və bütün iştirakçı heyəti təbrik edərək Fikrət Əmirovun baletini Mariinski Teatrın tarixində əlamətdar və unudulmaz bir hadisə kimi qeyd edib.

Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olub.

Qeyd etmək lazımdır ki, azərbaycanlı musiqiçilərin Sankt-Peterburqa səfər ilə bağlı təşkilati məsələlərinin həllində Azərbaycanın Rusiyadakı səfirliyi dəstək olub.