İQTİSADİYYAT

Qonşuların pomidor bəhanəsi: Yerli aqronomlar onları təkzib edir

"İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır" - aqronom.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd edilib ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi qırışlı meyvə virusu (Tomato brown rugose fruit virus – ToBRFV) aşkar edilib. İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Aqronom Vüsal Hacıyev Sputnik Azərbaycan-a deyib ki, qış aylarında pomidorlarda virus xəstəliklərinin yayılma ehtimalı azdır:

"Əgər bitkilər virus xəstəliyinə yoluxubsa, onların payız və qış aylarında inkişaf sürəti azalır. İstixanalara gedib baxıram. Pomidorlarda qəhvəyi qırışlı meyvə virusuna demək olar ki, rast gəlməmişəm. Hazır şitillərin üzərində də virus gələ bilər.

Bu virus ancaq primitiv istixanalarda görülə bilər. İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır. Bizim məhsullar orqanik məhsullara yaxın məhsullardır. İl ərzində günəşli günlərin sayı çox olduğundan, bitkinin istehsal prosesi zamanı təbii bioloji proses daha çox getdiyindən bizim məhsulların insan sağlamlığına mənfi təsiri demək olar ki, yoxdur".

Azərbaycan pomidor tədarükü ilə bağlı Rusiyaya yeni təklif irəli sürəcək

O qeyd edib ki, ToBRFV virusu bütün Avropa ölkələrində, xüsusən İtaliya və Fransadakı istixanalarda və açıq sahələrdə daha çox yayılıb:

"Ona görə də xaricdən gələn toxumların virus xəstəlikləri daşıyıcısı olub-olmadığı dəqiq yoxlanılmalıdır. Bizdə pomidor toxumları əsasən xaricdən gətirilir. Əsasən Hollandiyadan, Türkiyədən, İsraildən toxumlar gətirilir".

O bildirib ki, bitki xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri aparılır, dərmanlar vurulur: "Ancaq bəzən bu, düzgün aparılmır. Təkcə dərmanlama aparmaq kifayət etmir. Eyni zamanda, mexaniki və bioloji üsullardan da istifadə olunmalıdır. İstixanalarda virus xəstəliklərinin yayılması əsasən iki halda olur. Birincisi, toxumun özündə gəlir. İkincisi isə zərərvericilər vasitəsilə istixanaya yayılır. Burada sistemli iş aparılmalıdır. Məsələn, bir ərazidə yerləşən istixanalarda dərmanlama eyni vaxta aparılmalıdır. Və ya kimsə istixananı sökürsə, dezinfeksiya edib sökməlidir".

"Bu işlər kompleks şəkildə aparılmalıdır. Əminəm ki, müvafiq qurumlar və təşkilatlar bu məsələlərə xüsusi diqqət yetirirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.