CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın hərbi prokuroru hərbi xidmət əleyhinə cinayətləri təhlil edib

Hesabat dövründə qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. 2020-ci ildə hərbi prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə qarşıya qoyulan vəzifələr əməkdaşlar tərəfindən uğurla icra olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilən fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb:

"Hesabat dövründə qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb".

Hərbi Prokurorun sözlərinə görə, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%; hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %; xuliqanlıq cinayətləri 83,3 %; mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.