BAKI, 21 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.