Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Mingəçevirdə də 20 yanvar şəhidləri anılıb. Şəhər rəhbərliyi, şəhid ailələri, qazilər, Şəhidlər xiyabanına gələrək abidə önünə tər qərənfillər düzüblər. Kiçik yaşlı sakinlər şeirlər səsləndirib, rəsmlər nümayiş etdiriblər.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Mingəçevir sakini Ceyhun Atayev deyib ki, ötən illərdən fərqli olaraq, xiyabana gələn insanlar daha qürurlu, daha əzimkar görünürdülər. Çünki qalib ölkənin vətəndaşı olaraq, vətən uğrunda canından keçən şəhidlərini ziyarət edirdilər. Artıq onların qanı yerdə qalmayıb, düşmən tapdağında olan torpaqlarımız azaddır:
"Bu gün artıq 31 ildir ki, Azərbaycan özünün ən şanlı tarixlərindən biri olan 20 yanvar günlərini qeyd edir. Hər il eyni izdihamla biz bu günləri qeyd edirik. Həmişə "inşallah biz şəhidlərin qanı yerdə qalmaz" kəlməsini işlətmişik. Bu il nəhayət ki, Ali Baş komandan İlham Əliyevin sayəsində biz zəfəri yaşadıq. Bu gün biz tam əminliklə, qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayib. Biz artıq zəfər çalmışıq, tarixi torpaqlarımıza qovuşmuşuq".
Mingəçevir sakinləri Ali Baş komandan İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun sayəsində əldə olunmuş zəfərə görə bu gün şəhid məzarlarını alnı-açıq, üzü ağ ziyarət etdiklərini deyirlər.
Qeyd edək ki, ziyarətçilər arasında şəhər rəhbərliyi ilə yanaşı, millət vəkilləri Aydın Mirzəzadə və Əli Hüseynli də olub.